Main

Qlomerulonefrit

Böyrəyin sərbəst iltihabi xəstəliklərinə qlomerulonefrit və pielonefrit aiddir. Bundan başqa iltihab digər nefroloji xəstəliklərin (abses, kista) ağırlaşmasına səbəb ola bilər. Xəstədə xroniki proses olduqda, qlomerulonefrit və pielonefrit kimi böyrək iltihabının əlamətləri bir-birinə çox bənzədiyindən diaqnostika və müalicədə çətinlik törədir.

Qlomerulonefrit – qanın filtrasiya sistemini pozan iltihabi immun xəstəlikdir. Qlomerulonefrit zamanı qandan zərərli hissəciklərin ayrılmasını və sidiyin əmələ gəlməsini təmin edən mikroskopik damar yumaqları məhv olaraq, birləşdirici toxuma ilə əvəzlənir. Bu da xroniki böyrək çatışmazlığına gətirib çıxarır.

Qlomerulonefrit zamanı böyrək iltihabının əlamətləri

Bu xəstəlikdən ən çox 20-40 yaşarası kişilər əziyyət çəkir. Patologiya 90% hallarda keçirilmiş kəskin respirator xəstəliklərdən (tonzilit, angina, qrip, pnevmoniya və s.) 6-10 gün sonra inkişaf edir. Xəstəlik bütün hallarda hər iki böyrəyi zədələyir. Bir qayda olaraq ifrazat sisteminin patologiyası ilə əlaqəsi olmayan xəstəlik kimi maskalanır. Pasiyentlər böyrək ağrısından şikayət etmirlər.

Qlomerulonefritin formalarına görə böyrək iltihabının əlamətləri:

  • Hipertenziv forma. Xəstələrin 20%-də davamlı hipertoniya şəklində təzahür edir. Ödem yüngül dərəcəli olur və ya ümumiyyətlə müşahidə edilmir. Sidikdə silindrlər və zülal aşkarlanır.
  • Nefrotik forma. Böyrək iltihabının əlamətləri bəlli dərəcədə ödem və sidiklə zülalın itməsi, qarın və plevral boşluqlarda maye (assit və hidrotoraks), səhərlər gözaltı şişkinliklə təzahür edir.
  • Qarışıq forma. Yuxarıdakı 2 formanın müxtəlif kombinasiyalarda əlamətləri ilə özünü biruzə olur. Sidikdə dəyişiklik mütləqdir. Bu forma üçün sürətli inkişaf xarakterikdir.
  • Latent (gizli) formaya daha çox rast gəlinir. Uzun müddət simptomsuz keçir, dəyişikliklər ancaq sidiklə aşkarlanır. Zamanla yuxarıda sadalanan formalardan birinə çevrilir.

Qlomerulonefritin müalicəsi

Qlomerulonefrit zamanı böyrək iltihabının müalicəsi pəhriz saxlamaqdan başlayır. Rasiondan duzlu, yağlı və qızardılmış qidaları çıxartmaq məsləhət görülür. Sidikqovucular, hipotenziv preparatlar və xəstəliyin formasından asılı olaraq kompleks vasitələr təyin edilir. Antibiotiklər yalnız kəskinləşmə dövründə qəbul olunur. Onları hormonal terapiya (deksametazon) və sitostatiklərlə (merkaptopurin) birgə tətbiq edirlər.

Profilaktika
Qlomerulonefrit keçirmiş xəstələr soyuqlamamalıdırlar. Qadınlar 2 il hamiləlikdən uzaq olmalıdırlar. Kəskin qlomerulonefrit keçirmiş adamlar dispanser nəzarəti altında olmalıdırlar.

https://urologiya-andrologiya.az/boyrek-xestelikleri/boyrek-iltihabinin-elametleri/