Main

Qulaq Kiri Tıxacı

Xarici qulaq keçəcəyi təbil pərdəsi ilə tamamlanan, təxminən 2.5 - 3 sm uzunluğunda orta hissəsi nisbətən daralan qum saatı formasında kanaldır. Bu kanalın girəcəyə yaxın hissəsində qulaq kiri (serumen) adını verdiyimiz xüsusi maddə ifraz edən vəzilər vardır. Qulaq kirinin vəzifəsi toz, qum, həşərat və sair digər yad amillərin qulaq daxilinə keçib təbil pərdəmizə zərər verməkdən qorumaqdır. Bundan başqa, qulaq kiri xarici qulaq keçəcəyimizin uşaq cildi kimi zərif olan dərisini daim yumşaq saxlamaqdadır. Bu ifrazatın yoxluğu kanal dərisinin qurumasına və buna bağlı olaraq da qaşınmasına səbəb olur.

Qulaq kiri yalnız kanalın xarici hissəsində ifraz olunur, normalda hava və tozların təsirindən quruyur, alt çənəmizin hərəkəti ilə isə ovulub bayıra tökülür.

Amma qulaq gigiyenası barəsində yanlış bilgilərimizə görə həmin ifrazatı isladıb, hər hansı yad cismlə və ya pambıqlı kosmetik çöplərlə təmizləməyə çalışdıqda, əksinə, o yığıntını daha dərinə itələmiş oluruq. Kanalın dərinliklərinə yığılmış qulaq kiri artıq öz-özünə xaric ola bilmir, yığılıb tıxac yaradır.

Qulaq kiri tıxacı əlamətləri

Qulaq kiri tıxacı bir və ya hər iki qulaqda olduğu halda insanda eşitmə azlığı, bəzi hallarda bu tutqunluğun periodik olaraq açılıb-bağlanması, qulaqda doluluq və ağrı hissi, pis qoxu və s. yaratmış olur. Körpələrdə qulaq kiri tıxacı eşitmə zəifliyi yaratdığı halda ilk yaşlarda nitq nöqsanlarına, məktəb yaşlarında isə dərslərdə gerilik, sosiallaşmağa maneə törədə bilər.

Amma unutmamalı ki, əksər hallarda kanalı və təbil pərdəsinin üzərini tam hermetik qapamadığı halda qulaq kiri tıxacı heç bir şikayət verməyə bilər və lor müayinələri zamanı təsadüfən aşkarlanır.

Diaqnozu və müalicəsi

Qulaq kiri tıxacının varlığı otorinolarinqoloq tərəfindən endoskopik və otoskopik müayinələr vasitəsi ilə müəyyən edilir, müxtəlif tibbi proseduralar (aspirasiya, lavaj, serumenolitik dərmanlar və s.) vasitəsi ilə xaric edilir.

Diqqət! Xarici qulaq keçəcəyini özümüzün təmizləməyə çalışmağımız xarici qulaq keçəcəyində zədələrə, infeksion yaralara, təbil pərdəsinin yırtılmasına və sair fəsadlara yol aça bilər.

https://www.facebook.com/StarlabTibbMerkezi/posts/2204800922876454/