Main

Qurdağızlıq – Damaq yarıqları

Üz-çənə nahiyyəsinin anadangəlmə qüsurları, digər anadangəlmə qüsurların içində aktuallığına görə 3-cü yerdədir. Bütün  bunların 70 %-i anadangəlmə dodaq-damaq yarıqları (Qurd ağızlıq-Dovşan dodaqlıq) təşkil edir, 30 %- ni isə kraniosinostozların digər formaları və üz-çənə dizostozları  təşkil edir. Anadangəlmə qüsurlar yaranma səbəblərinə görə çoxfaktorlu xarakter daşıyır.

Etioloji faktora görə anadangəlmə qüsurları 3 yerə bölmək olar:

  • İrsi faktora əsaslanan qüsurlar;
  • Ətraf mühitin təsirindən yaranan qüsurlar;
  • Mənşəyi məlum olmayan faktorlarla əsaslanan qüsurlar.

İrsi faktorlarla əsaslanan dodaq-damaq yarıqları (“qurdağızlıq, dovşandodaqlıq”) heterojen qruplara aiddir və genlərin mutasiyası və xromosom sindromu ilə izah olunur. Bunların əsasında isə xromosomların sayının və ya xromosomların strukturunun dəyişkənliyi nəzərdə tutulur.

Ətraf mühitin təsirindən və digər faktorlardan yaranan dodaq-damaq yarıqları, üst dodağın və üst çənənin formalaşdığı (hamiləliyin 6-7-ci həftəliyi) dövrü əhatə edir.

Statistik olaraq damaq-dodaq yarıqlarının rastlanma tezliyi müxtəlifdir. Azərbaycanda hər 700 yeni doğulan körpədən 1-də bu cür qüsurlar müşahidə edilir. Böyük Avropa ölkələrində bu miqyas 1: 600 kimi qeyd olunur. 2020-ci ildə 28 avropa ölkəsində 9222 körpə dodaq-damaq yarığı ilə doğulmuşdur.  Müxtəlif ölkələrdə bu sayların fərqlilik təşkil etməsi, həmin ölkələrdə valideynlərin ekoloji, ekonomik, sosial durumlarının fərqli olması ilə izah etmək olar. Bu mənada valideynlərə hamiləliyə qədər genetikin konsultasiyası aşağıdakı hallarda məsləhət görülür:

  • Nəsildə bu cür qüsurnan doğulmuş insanlar varsa;
  • Ailədə öncəki doğuşlarda bu xəstəlikli körpə qeyd edilirsə;
  • Valideynlərin peşələrində insan orqanizminə mənfi təsir edən faktorlar varsa;
  • Ananın uzun müddət hər hansısa xroniki bir xəstəliyi müşahidə edilibsə;
  • Anamnez (sorğu) zamanı ananın bir neçə dəfə abort elətdirməsi və ya ananın qızılca, su çiçəyi, toksoplazmoz kimi xəstəliyi keçirmişsə;
  • Hamiləliyin 1-ci trimestrində ananın kəskin respirator virus xəstəliyi (soyuqdəymə-zökəm) keçirməsi və buna bağlı dərmanların qəbul edilməsi qeyd edilirsə;
  • Ananın pis vərdişləri (siqaret çəkmə, akloqol qəbul etmə və s.) mövcuddursa.

Qurdağızlıq müalicəsi

Bu qüsurun müalicəsi çətinliklərlə əlaqələndirilir. Son illərdə cərrahi üsul doğuşdan sonrakı ilkin mərhələdə istifadə olunur. Damağın tikilməsi və bir qədər uzadılması ağız və burun boşluqlarını bir-birindən ayırmağa imkan verir. Bu xəstələr üçün bir çox plastik əməliyyat üsulları var.