Main

Servikal Kanalın Polipləri

Servikal kanalın polipləri – endoserviksin silindrik epitelindən yaranan və uşaqlıq boynunun mənfəzinə doğru böyüyən şişə bənzər törəmələrdir. Adətən servikal kanalın polipləri leykorreya, təmas qanaxmaları, dartıcı ağrılarla təzahür edir. Uşaqlıq boynunun poliplərinin diaqnostikası vaginal müayinə, kolposkopiya, servikoskopiya, sıyrıntının histoloji analizinə əsaslanır. Servikal kanalın polipləri ayaqcığın burulması yolu ilə xaric edilir, yara sahəsi yandırılır, uşaqlıq boynunun selikli qişası qaşınır.

Servikal kanalın polipləri barədə ümumi məlumat

Servikal kanalın polipləri endoserviks hüceyrələrinin ocaqlı proliferasiyası nəticəsində inkişaf edir. Birləşdirici toxumadan ibarət çıxıntı şəklində olub, selikli qişaya nazik və ya enli ayaqcıqla birləşir. Servikal kanalın polipləri uşaqlıq boynu kanalının mənfəzinə doğru böyüyə və ya onun hüdudlarından kənara çıxa bilər. Poliplərə uşaqlıq boynunun istənilən hissəsində rast gəlinir, lakin əksər hallarda onlar epitelin keçid zonasında və ya xarici əsnək nahiyəsində lokalizasiyalaşır. Çoxsaylı törəmələr servikal kanalın polipozu kimi qəbul edilir.

Uşaqlıq boynunun xoşxassəli patologiyalarının strukturunda poliplər təxminən 20-25% təşkil edir.  Uşaqlıq boynunun leykoplakiyası, eritroplakiyası, iti uclu kondilomaları, epidermoid papilloma, eroziya və psevdoeroziyası ilə yanaşı servikal kanalın polipləri də uşaqlıq boynu xərçınginin inkişaf riskini artıran, daim müşahidə tələb edən fon proseslərinə aid edilir.

Servikal kanalın poliplərinin yaranma səbəbləri

Servikal kanalın poliplərinin etiologiyası tam öyrənilməmişdir. Əksər hallarda poliplər 40 yaşdan yuxarı qadınlarda aşkar olunur. Hesab edilir ki, uşaqlıq boynu poliplərinin inkişafının əsasında hormonal pozğunluqlar, yaşla əlaqədar qadın orqanizmində gedən dəyişikliklər, immun sistemdə pozulmalar, stress amilləri dayanır. Abort, diaqnostik qaşınma, histeroskopiya zamanı uşaqlıq boynunun mexaniki zədələnməsi, eləcə də xroniki endoservist- servikal kanalın selikli qişasının iltihabı uşaqlıq boynunun poliplərinin inkişafı üçün əlverişli fon yaradır.

70-75 % hallarda servikal kanalın polipləri uşaqlıq boynunun eroziyası və psevdoeroziyası, uşaqlığın mioması, yumurtalıqların kistoması, endometrioz, yumurtalıqların disfunksiyası, endimetriumun polipləri, atrofik kolpitlə müştərək şəkildə rast gəlinir. Eləcə də uşaqlıq boynunun poliplərinin yayılma tezliyinin uşaqlıq yolunun mikrobiosenozu və cinsi yolla keçən infeksiyalar – kandidoz, qardnerellyoz, papillomavirus infeksiyası, genital herpes, ureaplazmoz, mikoplazmoz, trixomoniaz, qarışıq infeksiyalar korrelyasiya asıllığı qeyd olunur.

Servikal kanalın poliplərinin əlamətləri

Servikal kanalın kiçik ölçülü və tək saylı polipləri çox zaman gizli gedişə malik olur və müayinə prosesində təsadüfən aşkarlanır. Klinik təzahürlərin manifestasiyası adətən poliplərdə ikincili dəyişikliklərlə – travma, infeksiyalaşma, iltihab, xoralaşma ilə əlaqədardır. Belə hallarda qarnın aşağı hissəsində diskomfort və dartıcı ağrı hissi, patoloji seroz və ya seroz-irinli ifrazat müşahidə edilir. Servikal kanalın polipinin travmatizasiyası zamanı qan qarışıqlı ifrazatlar və ya təmas qanaxmaları yaranır.

Servikal kanalın polipləri olan xəstələrdə aybaşı tsiklinin pozğunluqları və sonsuzluq bir qayda olaraq, yanaşı gedən patologiya və ya polipin inkişafına səbəb olan amillərlə bağlıdır. Nadir hallarda uşaqlıq boynunun poliplərinin maliqnizasiyası qeyd edilir.

Servikal kanalın polipləri olan hamilələrdə uşaqlıq boynunun reflektor qıcıqlanması ilə əlaqədar erkən vaxtlarda hamiləliyin özbaşına pozulması riski yarana bilər. Digər hestasion ağırlaşmalara ciftin aşağıda yerləşməsi, istmiko-servikal çatışmazlıq (İSÇ) aiddir.

Servikal kanalın poliplərinin diaqnostikası

Servikal kanalın diaqnostikası onların vizualizasiyasına, kolposkopiya (servikoskopiya) vasitəsilə öyrənilməsinə, USM, uşaqlıq boynunun bıçaq biopsiyasına, servikal kanalın qaşınmasına əsaslanır.

Vizual müayinədən sonra uşaqlıq boynunun biopsiyası, diaqnostik qaşınması, materialın histoloji analizi icra olunur. Servikal kanalın cərrahi müalicəsindən əvvəl yaxma infeksiyalara görə əkilir, PZR-diaqnostika aparılır.

Servikal kanalın poliplərinin müalicəsi

Servikal kanalın istənilən polipləri xaric edilməlidir. Xaric olunmuş material histoloji müayinəyə göndərilir. Laborator nəticələrdən asılı olaraq, gələcəkdə iltihabəleyhinə və ya hormonal terapiya təyin oluna bilər.

Uşaqlıq boynu kanalının residivləşən polipozu uşaqlıq boynunun konusvari amputasiyasına göstəriş sayılır. Hamiləlik dövründə servikal kanalın poliplərinin ölçüləri 10mm-dən çox olduqda, sürətli böyümə, qanaxma, nekroz və ya maliqnizasiyanın erkən əlamətləri müşahidə edildikdə törəmələr mütləq xaric edilməlidir.

Servikal kanalın poliplərinin ağırlaşmaları

Servikal kanalın polipinin ayaqcığı tam kəsillmədikdə residivlər inkişaf edir. Nadir hallarda yara sahəsinin yandırılması ilə əlaqədar termiki yanıqlar, uşaqlıq boynunun strikturaları və stenozlar qeyd olunur. Servikal kanalın polipləri müalicə olunmadıqda, bu törəmələr qanaxmaya, cinsi yollarda infeksiyaların inkişafına, sonsuzluğa, maliznizasiyaya səbəb olur. Servikal kanalın polipləri olan qadınlarda hamiləliyin aparılması özbaşına düşüklərin, İSÇ, vaxtından qabaq doğuşların, uşaqlıq boynunun distoniyasının profilaktikasını tələb edir.

Servikal kanalın poliplərinin profilaktikası

Servikal kanalın poliplərinin profilaktik tədbirlərinə aiddir: müntəzəm ginekoloji müayinələr, ginekoloji və endokrin patologiyaların qarşısının alınması və vaxtında müalicəsi, uşaqlıq boynunun travmalarının istisna edilməsi. Şübhəli əlamətlər yarandıqda təcili olaraq ginekoloqa müraciət etmək lazımdır.

https://med-portal.az/qadin-xestelikleri/servikal-kanalin-polipleri/