Sinus kistası problemi bədənimizin başqa hissələrində də kista yarana biləcəyindən xəbər verir. Sinuslarda (burun ətrafı ciblərdə) yerləşən ifrazat vəzilərinin tıxanma səbəbindən fəaliyyət göstərə bilməməsi və yaranan ifrazatın toplanması nəticəsində yaranır.
Çox vaxt insanlar baş ağrısı şikayəti ilə həkimə müraciət edir, diaqnoz qoya bilmək üçün xəstənin komputer tomoqrafiyası (CT) çəkilir. CT hesabına əgər sinusda kista varsa bu aşkarlanır və diaqnoza uyğun olaraq müalicə aparılır. Kista içi maye ilə dolu şəffaf baloncuqlara bənzəyir. Bu hal – yəni kistanın varlığı çox geniş yayılmış bir haldır. Tez-tez qarşılaşdığımız bu problem çox vaxt baş ağrısı və burun-udlaqda axıntıya səbəb olmur. Bu səbəbdən də çox vaxt cərrahi müdaxilə tələb etməyən bir problem kimi tanınır. Mukosel adlanan daha böyük quruluşda kistalar olduqda isə cərrahi müdaxilə tələb olunur.
Kistanın cərrahi müdaxilə tələb edib etməməsi necə müəyyənləşdirilir?
Qeyd etdiyimiz kimi yalnız mukosel, böyük ölçülü kistalar cərrahi müdaxilə tələb edir. Sinuslarda yerləşən ifrazat vəzlərindən birində tıxanma olarsa, selik ifrazatı çölə axıdıla bilmir və nəticədə bu ifrazat toplanaraq kisəcik halını alır. Kisəcik həddindən artıq böyüyüb sinusların ağız hissəsini bağlamadığı müddətdə insanda hər hansı bir şikayətə səbəb olmur. Bu səbəbdən də problemin aşkarlanması adətən təsadüf nəticəsində baş verir. Normal bir rentgen və ya sinus tomoqrafiyası çəkilən zaman belə bir problemin varlığı aşkarlanır.
Sinuslarda kista varsa necə müalicə olunur?
Bu bölgədə yaranan kistaların özünə məxsus bir görüntüsü olur. Görüntüyə görə kistanın üst hissəsində hava yerləşir. Əgər pasiyentdə sinuslarda kista varsa 2-3 il fasilələrlə müayinəyə ehtiyac var. Bu cərrahi müdaxilə tələb etməyən kistalar üçün belədir. Bundan fərqli olaraq əgər kista böyüyəndirsə və sinusun ağzını tıxayacaq qədər böyüyübsə, bu halda cərrahi müdaxilə lazımdır. Çünki, əgər müalicə edilməzsə yaranmış iltihab əridici xüsusiyyəti səbəbi ilə sinus boşluğunu tamamilə doldurur və nəticədə sümüklərə təzyiq göstərir. Nəticədə bu hala bağlı baş ağrıları, gözlərə təsir edən ağrılar, yanaqlarda şişkinlik kimi patoloji təsirlər meydana gəlir. Onu da qeyd edək ki, pasiyent belə bir halın varlığından məlumatlı olduğu halda müalicə mərhələsinə keçilməyibsə yaranan iltihab sinus sümüklərini əridərək göz, beyin kimi əhəmiyyətli orqan toxumalarına zərər verəcək hala gəlir.
Müalicə cərrahi yolladır. ESC (endoskopik sinus cərrahiyyəsi) əməliyyatı həyata keçirilir. Əvvəllər Kaldvell-Lyuk əməliyyatı - üst dodağın altından haymor boşluğuna keçib kista xaric olunurdu. ESC zamanı burun boşluğundan endoskopun müşaiəti ilə xüsusi incə alətlərlə təbii dəlikdən daxil olub kista xaric olunur. Hemostatik süngərlər qoyularaq (tampona ehtiyac olmur) əməliyyat tamamlanır.
https://lorest.az/emeliyyatlar/burun-ve-burunetrafi-cibler/16-sinus-kistalari-haymor-cibnin-kistasi/