Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.
Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir. Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm olmaqla 33 -34 fəqərədən ibarətdir və birbirlərinə bağlar, oynaqlar və disklərlə bağlanır.
Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr fırlanır və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər.
Əlamətləri
Skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq geniş hüdudlarda dəyişə bilər.
Yüngül əyriliklərdə simptomlar tamamilə kosmetik ola bilər:
Daha ciddi əyriliklərdə:
Skoliozun səbəbləri və növləri
Skolioz araşdırma cəmiyyətinə (SRS – Scoliosis Research Society) görə, skoliozun təxminən 80 %-də hər hansı bir səbəb təyin edilə bilmir (idiopatik skolioz). Doğuş qüsurları, nevroloji anormallıqlar və genetik qüsurlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilə bilər.
Skoliozun İdiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri vardır.
İdiopatik skolioz: Adətən uşaqlıq və yetkinlik dövründə görülən və səbəbi bilinməyən skolioz növüdür. İdiopatik skolioz, bütün skolioz hallarının 75-80% -ni təşkil edir. Bu tip skolioz erkən yaşlarda başlamağına baxmayaraq ağrı və digər gözlə görülən əlamətlər olmur. Lakin yaş artdıqca və böyümə davam etdikcə onurğa əyriliyi müxtəlif problemlər yarada, eyni zamanda xəstədə ağrı şikayətləri başlaya bilər. Idiopatik skolioz yaranma zamanına görə 3 qruba bölünür: İnfantil, Yuvenil, Adolesan.
Konjenital (Anadangəlmə skolioz)
Anadangəlmə skolioz uşaq ana bətnində ikən yaranır və inkişaf edir. Bu tip skoliozun əmələ gəlməsində ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, hipertermiya, alkoqol istifadəsi, valproik turşu istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər göstərilir. Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklərin anadangəlmə skoliozu müşaiyət etdiyi də görülməkdədir. Anadangəlmə skoliozda körpənin anormal onurğa ilə doğulmasına baxmayaraq ilkin mərhələdə əyrilik müşahidə olunmaya bilər. Əyrilik adətən davamlı böyümə ilə özünü göstərir. Bəzi hallarda, əyrilik yeniyetmədə sürətli böyümə mərhələsinə qədər son dərəcə yavaş irəliləyir. Struktural pozğunluqlar müxtəlif yollarla anadangəlmə skolioza səbəb ola bilər. Ana bətnində meydana gələn quruluş (struktural) problemləri və onurğa qüsurları şəklində özünü göstərir. Bəzi xəstələrdə hər iki qüsuru birlikdə görmək mümkündür.
Anadangəlmə skoliozda onurğa beyni (41%), ürək (7-12%) və böyrəkdə (20%) anormallıqlar müşahidə edilə bilər.
Sinir-əzələ skoliozu
Əzələ-sinir skoliozunda beyin, onurğa beyni və əzələ sisteminin problemləri nəticəsində əmələ gələn nizamsız bir onurğa əyriliyidir. Sinir və əzələlər onurğa və bədən tarazlığını (balansını) qoruya bilmir. Sinir-əzələ əyrilikləri tez-tez çanaq asimmetriyası ilə əlaqələndirilir, bu vəziyyətdə uşağın çanağının bir tərəfi digərindən daha yüksək olur. Belə xəstələrdə bədən inkişaf etdikcə yetkin yaşa doğru əyrilik artımı davam edir. Oturaq həyat keçirən və yeriyə bilməyən xəstələrdə isə skolioz daha ciddi vəziyyət alır. Sinir-Əzələ skoliozunun ən çox görüldüyü xəstəliklər:
Degenerativ skolioz
Yetkinlərin başlanğıc skolyozu olaraq da bilinən degenerativ skolioz, fəqərələrin sümük zəifliyi (osteoporozu) səbəbi ilə əriməsi, onurğanın hərəkət edən hissələri olan fəqərəarası disklərin degenerasiyası və kiçik oynaqların artrozundan mənşə alan onurğa əyriliyidir. Degenerativ skoliozda fəqərələr arasındaki disklərin və oynaqların çökməsi onurğada asimmetriya əmələ gətirir və bəzi hallarda bu sürüşməyə səbəb olur. Belə fəqərə sürüşmələri bir səviyyədən daha alt səviyyəyə doğru irəlilədikcə onurğa əyriliyi inkişaf edə bilər. Bu tip skolioz onurğanın bel nahiyəsində daha çox görülür.
Torakogenik skolioz
Adından da görüldüyü kimi döş nahiyyəsində hər hansı bir xəstəlik və ya cərrahi əməliyyat nəticəsində yaranan onurğa əyriliyidir. Anadangəlmə ürək qüsurunu aradan qaldırmaq üçün aparılan cərrahi əməliyyatlar və eyni zamanda Limfoma kimi xərçəng xəstəliklərinin də zamanla böyüməsi onurğa sütununda asimmetriya yarada bilir.
Sindromik skolioz
Sindrom bir neçə kliniki xüsusiyyətin birləşməsidir. Bu tip skolioz hər hansı bir sindrom xəstəliyinin bir hissəsi kimi ortaya çıxır və inkişaf edir:
Skolioz müayinəsi
Skolyozun erkən diaqnozu, əyrilik və deformasiyanın inkişafının qarşısını almağa kömək edə bilər. Onurğa əyriliyi və ya ağrı şikayəti ilə həkimə müraciət edən xəstənin ilkin olaraq Skoliozla əlaqəli ola biləcək hər hansı bir şəxsi və ya ailədaxili tibbi vəziyyətin hərtərəfli tarixi həkim tərəfindən nəzərdən keçirilməlidir. Xəstənin yaşı, yetkinlik dövrü başlanğıcı və qadınlarda ilk aybaşı dövrü onurğa əyriliyinin böyüməsini və inkişaf riskini təyin etmək üçün vacibdir.
Hərtərəfli fiziki müayinə xəstənin sağlamlığı və onurğa sütunu haqqında məlumat verir. Müayinədə xəstənin onurğa sütununun ümumi tarazlığı, nisbi çiyin və çanaq boyu, habelə onurğa əyriliyi və qabırğa qəfəsi deformasiyası daxil olmaqla hər hansı bir anormallığa diqqət yetirilir. “Adam” irəli əyilmə testi, xəstənin dizlərini bükmədən önə doğru əyilməsi ilə onurğa sütununun sağ və sol hissəsində asimmetriya olub olmadığına baxılır. Qabarıqlıq olduğu halda Skoliometr vasitəsilə dərəcə ölçülə bilər. Onurğa beyni və sinirlərin diqqətli nevroloji müayinəsi aparılmalıdır. Bu zaman əzələlərin gücü, hissiyyat və normal refleks testləri, habelə anormal reflekslərə baxılır.
Rentgen müayinəsi
Kliniki müayinə zamanı skolioz əlamətləri aşkarlanarsa, həkimin göstərişi ilə rentgen müayinəsi aparılır. Onurğa əyriliyi dərəcəsinin müəyyən edilməsi üçün həm arxadan həm də yandan olmaqla görüntü alınır. Görüntü xəstə ayaqüstə ikən çəkilməli, baş və çanaq mütləq görülməlidir. Rentgen görüntüsünə əsasən mütəxəssis həkim onurğa sütununu nəzərdən keçirir. Fəqərələrdəki anadangəlmə anormallıqlar, degenerativ dəyişikliklər, əyrilik bucağı təyin edilir.
Skolioz dərəcəsinin ölçülməsi
Onurğa əyriliklərinin dərəcəsi “Cobb bucağı” ilə ölçülür. Əyriliyi skolioz adlandırılması üçün 10 dərəcədən yuxarı olmalıdır. 10 dərəcə və altındakı əyrilik skolioz deyil, onurğa asimmetriyasıdır.
Skolioz dərəcələri yüngül, orta və ağır olaraq üçə bölünür. Yüngül skolioz 20 dərəcədən az əyriliklərdir. Orta dərəcəli skolioz 20-40 dərəcə arasındakı əyriliklərdir. Ağır skolioz əyrilik 40 dərəcədən çoxdur.
Müalicə metodları
Cərrahi üsulla müalicə
Proqressiya ehtimalı yüksək olan və təqib dövründə əyriliyin artdığı, korset müalicəsinin müvəffəq olmadığı hallarda cərrahi müalicə ən geniş yayılmış müalicə üsuludur.
Anadangəlmə və sindromik ağır skoliozlarda mütləq cərrahi müalicə aparılmalıdır. Anadangəlmə skolyozun erkən diaqnozu baxımından son dərəcə diqqətli olmalıdırlar. Ailələr körpənin boynunda, belində hər hansı bir fərqlilik olduğunu görən kimi həkimə müraciət etməlidirlər. Erkən dövrdə əməliyyat edilən anadangəlmə skoliozun nəticəsi çox daha yaxşı olur.
Cərrahi müalicədə ən muasir metodlar istifadə edirik. Transpedikulyar vintləmə ilə skolioz hər 3 müstəvidə düzəldilir. Əməliyyat zamanı Neyromonitorizasiya istifadə edirik ki, bu da fəsadların qarşısını alır. Əməliyyatdan 1 ay sonra xəstələr normal həyat və iş fəaliyyətinə qayıdır. Əməliyyat sonrasında önə doğru əyilə bilir, yerə düşmüş əşyaları götürə bilirlər. Qadın xəstələrimiz əməliyyatdan sonra hamilə qala və ana ola bilərlər. Bunda heç bir məhdudiyyət yoxdur.
https://elvizgasimov.com/skolioz-xesteliyi-nedir-elametleri-ve-mualicesi/