Main

Trixofitiya - Saçqıran dəmrov

Saçqıran dəmrov (trixofitiya) – dərinin göbələk xəstəliyidir. Bu zaman dəri, başın tüklü hissəsi, bəzən isə dırnaqlar zədələnir. İnfeksiya mənbəyi xəstə insan və heyvanlardır. Yoluxma kontakt-məişət yolu ilə baş verir. Dəmrovun bu növünə uşaq bağçalarında və ailə daxilində daha çox rast gəlinir.

Göbələk mitselisi saçın strukturunu pozaraq, onun tökülməsinə səbəb olur. Saçlar qırılmış forma aldığından xəstəliyin adı da məhz buradan götürülmüşdür. Zədələnmiş dəridə qabıqlanma və göbələk sporlarından ibarət açıq rəngli ərp əmələ gəlir. Qaşınma və digər xoşagəlməz əlamətlər olmur. Xəstəliyin irinləmiş formaları üçün infiltratlar xarakterikdir. Onların üzərindən basdıqda irin çıxır. İnfiltratlar müxtəlif ölcüdə olub, adətən başın tüklü hissəsində, bığ və saqqal hissədə formalaşır.  İnfiltrat ya irinin göbələk hüceyrələrinə məhvedici təsirindən 7-10 gün ərzində öz-özünə aradan qalxır, ya da absesə çevrilir. Müalicə aparılmadıqda mikotik hüceyrələr periferiyada qalaraq, dəmrov xəstəliyinin xroniki, ləng gedişini təmin edirlər.

Saçqıran dəmrovun müalicəsində göbələkəleyhinə məlhəm və tabletlərdən istifadə olunur. Ağırlaşmış formalarda simptomatik terapiya aparılır.