Tulyaremiya - (latına – tularemie) – təbii ocaqlı infeksion xəstəlik olub, qızdırma əlamətləri, xoş xassəli gedişə malik olan limfoadinitin (bubonnun) əmələ gəlməsi ilə özünü göstərir.
Yayılması
Beynəlxalq təşkilatların məlumatına görə hazırda xəstəliyin ocaqlarına Amerikada, Asiyada, Avropada rast gəlinir. Xəstəliyə qarşı həssaslıq 100 % təşkil edir. Yaşından, cinsindən asılı olmayaraq xəstəlik sporadik və ya epidemik alovlanmalar şəklində baş verir. Xəstəlikdən sonra ömürlük immunitet yaranır.
Etiologiyası:
Törədisici Francisella tularensis adlanır. Bunlar polimorf xassəyə malik olub kokka bənzər çöplərdir. Tulyaremiya mikrobunun 2 növü ayırd edilir: palearctica (poliarktika) - əsasən Avropa və Asiyada təsadüf edilir. Nearctica (nearktika) – Amerikada təsadüf edilir və Avropa vidinə görə yüksək patogendir. Törədicilər yüksək temperatura çox həssasdırlar. Belə ki, 60 C temperaturda 5-10 dəqiqəyə tələf olurlar. Taun çöplərindən fərqli olaraq bunlar xarici mühitə davamlıdırlar. Nəm torpaqda, suda aşağı t-da (0- 4 dərəcə) 4 -9 ay yaşayırlar. Taxıl məhsullarında 0 dərəcə temperaturda 6 ay, 8 -12 dərəcədə 2 ay, 20 -30 dərəcədə 3 həftə qala bilərlər. Dondurulmuş xəstə dovşanın cəmdəyində 3 ildən artıq qala bilirlər. Mikroblar quraqlığa da çox davamlı olub, ancaq ultrabənövşəyi şüaların təsirindən 30 dəq. məhv olurlar.
İnfeksiya mənbəyi:
Tulyaremiyada infeksiya mənbəyi çoxlu növ gəmiricilər, həşarat yeyənlər və vəhşi heyvanlar hesab olunurlar. Törədicilərin əsas ehtiyat sahibləri çöl siçanları, su siçanları, ondatra, dovşanlar – hesab olunurlar. Bu heyvanlardan sinantrop gəmiricilər asanlıqla yoluxur ki, bunun da böyük epidemioloji əhəmiyyəti vardır (insanlar üçün). Heyvanlar arasında törədicilər müxtəlif yollarla yayılır: bura transmissiv, su, alimentar, aspirasion yol aiddir. Transmissiv mexanizmdə əsasən iksoid gənələri iştirak edir. İksoid gənələr yoluxmanı öz nəsillərinə verməklə hətta təbiətdə tulyar ehtiyat sahibi rolunu oynayırlar. Ağcaqanadlarda bu mexanizm ilə xəstəliyi heyvanlar arasında yaya bilirlər.
İnsanlara yoluxma mexanizmi:
İnsanlar heyvanlardan müxtəlif yollarla yoluxurlar. Qeyd etmək lazımdlr ki, xəstəliyin müxtəlif kliniki əlaməti yoluxma yolundan asılıdır:
1. transsmissiv yoluxma yolu – xora bubonn forması;
2. alimentar, su yoluxma yolu – anginoz bubonun abdominal forması;
3. kontakt, təmas yoluxma yolu – xora bubonn forması;
4. hava- toz yoluxma yolu – bronx - ağ ciyər, göz bubonn forması;
Patogenezi:
Tulyaremiya mikrobları müxtəlif yollarla orqanizmə daxil olurlar; dəri, gözün selikli qişası, ağızdan, tənəffüs yollarından, həzm aparatından. Daxil olma yerindən asılı olaraq xəstəliyin müxtəlif kliniki formaları əmələ gəlir. Limfatik düyünlərə düşmüş tulyaremiya mikrobları orada çoxalmağa başlayırlar. Onların ölməsi nəticəsində əmələ gələn endotoksin düyünlərdə poliadenit axınına düşmüş toksin orqanizmin ümumi intoksikasiyasına səbəb olur. Eyni zamanda qana düşmüş mikroblar orqanizmdə ikincili tulyaremiya bubonnları əmələ gətirir.
İnkubasiya dövrü:
1 gündən 3 həftəyə qədər orta hesabla 3-7 gün olur. Xəstəliyin əsas kliniki əlamətləri yuxarıda qeyd etdiyimiz kimi törədicinin yoluxma yolundan asılı olaraq baş verir.
Profilaktikası:
Tulyaremiyanın profilaktikası əsas 2 istiqamətdə həyata keçirilir.
1. Təbii ocaqlar üzərində nəzarət;
2. Əhalinin tulyaremiyaya görə vaksinasiyası;
Təbii ocaqlar üzərində nəzarət zamanı ocaqda olan gəmiricilərin vaxtaşırı olaraq sayının öyrənilməsi və onların yoluxma vəziyyətinin aydınlaşdırılmasına, spesefik keçiricilərin yoluxmasına nəzarət etmək lazımdır. Epidemioloji kəşfiyyat aparmaqla yeni ərazilər yoxlanılmalı, suyun, taxıl məhsullarının, o cümlədən xarici mühitin digər amilləri tulyaremiya mikrobları ilə çirklənməsi öyrənilməsidir. Tulyaremiyanın profilaktikasında əsas yeri insanların (təbii ocaqlarda) spesefik vaksinasiyası tutur. Təlimata əsasən tulyaremiyanın ekzotik ocaqları ərazisində yaşayanlar, habelə həmin ocaqlara istirahətə gedən və gələnlər bu xəstəliyə görə vaksinasiya olmalıdırlar.