Main

Uşaqlıq boynu hamiləliyi

Uşaqlıq boynu hamiləliyi, distal ektopik hamiləliyin bir forması olub, döl yumurtasının implantasiya və inkişafının uşaqlıq boynu kanalında baş verməsi ilə xarakterizə olunur. Müxtəlif ifadə dərəcəsinə malik (az miqdarda ifrazatlardan kəskin qanitirmələrə qədər) qanaxmalarla təzahür edir. Letal hemorragik və septiki ağırlaşmalarla müşayiət olunduğundan təhlükəli vəziyyət sayılır. Uşaqlıq boynu hamiləliyinin diaqnostikası vaginal və ultrasəs müayinələr, diaqnostik qaşımaların köməyilə aparılır. Orqanqoruyucu müdaxilələrin tətbiqi mümkün olmadıqda uşaqlığın ekstirpasiyası həyata keçirilir.

Uşaqlıq boynu hamiləliyinin səbəbləri

Uşaqlıq boynu hamiləliyinin yaranamsı endometriumun natamamlığı və ya trofoblastın kifayət qədər yetkin olmaması ilə əlaqədar mayalanmış yumurtahüceyrənin uşaqlıq cismində implantasiyasının çətinləşməsi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Keçmiş doğuşların ağırlaşmış gedişi, çoxsaylı abort, diaqnostika qaşınma, endometrit, uşaqlıqda aparılan əməliyyatlar, istmiko-servikal çatışmazlıq səbəbindən miometriumun dəyişməsi uşaqlıq boynu lokalizasiyalı hamiləliyə şərait yaradır. Aşerman sindromu, uşaqlığın mioması, ekstrakorporal mayalanmanın tətbiqi uşaqlıq boynu hamiləliyinin yaranma ehtimalı daha da artırır.

Uşaqlıq boynu hamiləliyinin əlamətləri

Uşaqlıq boynu hamiləliyinin klinikasının ifadəliliyi hestasiya müddəti və rüşeymin implantasiya səviyyəsindən asılıdır. Tipik vəziyyətlərdə aybaşının ləngiməsindən sonra cinsi yollardan qanlı ifrazatlar izlənilir. Qanaxma mülayim, gur və ya profuz xarakter daşıyır; bəzən o, yaxılan ifrazatlardan sonra müşahidə edilir. Uşaqlıq boynu hamiləliyi üçün ağrı hissiyyatının olmaması xarakterikdir.

Uşaqlıq boynu nahiyəsində yaxşı inkişaf etmiş damar şəbəkəsi və ya varikoz düyünlər həyat üçün təhlükəli sayılan qəfil qanaxmalar, hemorragik şok və DDL-sindromuna səbəb olur. Uşaqlıq boynu-boğaz hamiləliyi (xüsusən II trimestrdə) az ifadəli patoqnomik əlamətlər və cift gəlişi ilə müşayiət edilir.

Uşaqlıq boynu hamiləliyinin diaqnostikası

Diaqnostika prosesində uşaqlıq boynu hamiləliyini uşaqlığın mioması (fibroması), eləcə də hamiləliyin öz-özünə pozulması (spontan düşük) ilə differensiasiya etmək lazımdır. Uşaqlığın fibromiomasında hamiləliyi sübut edən əlamətlər (aybaşının gecikməsi, müsbət hamiləlik testi) olmur. Baş verən düşüklər zamanı döl yumurtasının ayrılması və uşaqlıq boynu kanalına enməsindən əvvəl sancışəkilli ağrılar yaranır.

Uşaqlıq boynu hamiləliyində ginekoloji müayinə uşaqlıq boynunun cəlləyəbənzər deformasiyası və sianozunu, xarici əsnəyin, döl yumurtasının ekssentrik yerdəyişməsini müəyyən etmək mümkün olur. Uşaqlıq boynunun ölçüləri onun cismindən böyük olur. Döl yumurtasını alət və ya barmaqla ayırmaq cəhdləri güclü qanaxmalarla nəticələnir.

Klinik əlamətlərin və vaginal baxışın tipik məlumatlarının olmaması ilə əlaqədar uşaqlıq boynu-boğaz lokalizasiyalı hamiləliyin diaqnostikası çətinlik törədir. Təkrarlanan və hestasiya müddəti artdıqca gurlaşan qanaxmalar, ağrı və döl yumurtasının qovulma əlamətlərinin olmaması distal ektopik hamiləliyin bu formasından şübhələnməyə əsas verir.

Uşaqlıq boynu hamiləliyinin müalicəsi

Diaqnoz təsdiq olunduqda qadın təcili hospitalizasiya olunmalı və ilk növbədə qanaxma dayandırılmalıdır. Bu məqsədlə uşaqlıq yolu tamponada edilir, onun yan tağları tikilir, uşaqlıq boynuna sirkulyar tikiş qoyulur, uşaqlıq boynu kanalına Foley kateteri yeridilir.

Uşaqlıq boynu hamiləliyi zamanı tətbiq edilən perspektiv üsullar – uşaqlıq arteriyalarının şaxələrinin embolizasiyası və ya daxili qalça arteriyalarının bağlanması döl yumurtasının qanaxma olmadan xaric edilməsinə imkan verir. Sadalanan orqanqoruyucu tədbirlərin qeyri-effektivliyi və ya aparılmasının mümkünsüzlüyü və yaxud intensiv qanaxmalar zamanı təcili uşaqlığın supravaginal amputasiyası və ya subtotal histerektomiya (uşaqlığın uşaqlıq yolunda uşaqlıq boynu saxlanılmaqla çıxarılması) göstəriş sayılır.

Uşaqlıq boynu hamiləliyinin profilaktikası

Uşaqlıq boynu hamiləliyinin profilaktik tədbirlərinə ginekoloji xəstəliklərin rasional müalicəsi, abortlardan imtina, uşaqlıq daxili müdaxilələrdən sonra tam reabilitasiyanın aparılması aiddir. Hamiləliyin adekvat aparılması hestasiyanın erkən mərhələlərində döl yumurtasının ektopik vəziyyətinin aşkar etməyə və həyat üçün təhlükəli ağırlaşmaların qarşısını almağa imkan verir.

https://med-portal.az/qadin-xestelikleri/usaqliq-boynu-hamileliyi/