Main

Uşaqlıq Mioması

Uşaqlıq mioması və ya leyomioma, miometriumun (uşaqlığın əzələ qatı) xoşxassəli hormonal (estrogen- və progestrondanasılı) şişi olub, saya əzələ toxumasında inkişaf edir və tərkibində müxtəlif miqdarda birləşdirici toxuma olur. Xəstəliyin erkən diaqnostikasındakı proqresə baxmayaraq, mioma səbəbindən uşaqlığın xaric edilməsi (histerektomiya) indiyə qədər də geniş yayılmış müalicə üsuludur.

Ginekoloji xəstəliklər arasında mioma 2-ci yerdə durur. O, reproduktiv yaşlarda orta hesabla 16-20%, postmenopauzada isə 30-35% qadında rast gəlinir. Son zamanlar, xəstəliyin diaqnostikasının yaxşılaşması ilə əlaqədar, 30 yaşından aşağı qadınlar arasında miomanın rast gəlməsi faktları artmışdır.

Mioma əsasən ləng böyüyür – orta hesabla 5 ilə. Lakin bəzi hallarda şişin tez böyüməsi hallarına da rast gəlinir. Bu zaman mioma, bir il və ya 5 həftəlik hamiləlik boyda olur.

Mioma, sonsuzluğa (fallop borularına yaxın yerləşdikdə), spontan aborta, vaxtından əvvəl doğuşa, dölün anormal vəziyyətinə, doğuşdan sonrakı qanaxma və digər fəsadlara səbəb ola bilər.

Əməliyyata göstəriş ola biləcək miomanın ölçüsü 14 həftəlik hamiləliyə uyğun olur. Qalan halların əksəriyyətində radikal müalicə üsulu (histerektomiya) düzgün hesab edilmir. Bu, belə düzgün olmayan bir fikrə əsaslanır ki, ənənəvi olaraq uşaqlığa, dünyaya uşaq gətirən orqan kimi baxılır və bu funksiyanı yerinə yetirdikdən sonra heç bir fəsad olmadan onu çıxartmaq olar.

Bu cür fikir səhvdir, çünki, leyomiomanın bədxassəli şişə çevrilmə riski yoxdur, əksinə histerektomiyadan sonra menstrual və reproduktiv funksiyalar itirilir, qadınların əksəriyyətində isə vegetativ-damar, psixoemosional pozğunluqlar və sümüklərin mineral sıxlığının azalması baş verə bilər.

Eyni zamanda, uşaqlıq miomasının konservativ müalicəsi və həmçinin şişin erkən mərhələsində qeyri-invaziv və azinvaziv müalicə metodlarının istifadəsi, onun inkişafını dayandırmağa, geriyə inkişaf etdirməyə və uşaqlığın reproduktiv funksiyalarının pozulmasının qarşısını almağa imkan verir. Amma cərrahi müalicəyə göstərişlərin işlənib hazırlanmasına baxmayaraq, konservativ müalicə metodlarının tətbiqi hələ də tam işlənməyib.

Miomanın səbəbləri

Leyomiomanın səbəbləri haqqında müxtəlif nəzəriyyələr var:

  • Alimlərin bir qismi hesab edir ki, bu törəmə şiş deyil, miometriumun ocaqlı hiperplaziyasıdır. O, əzələ liflərinin kəsişdiyi sahələrdə – uşaqlıq boynunun yan səthlərində, boruların ayrıldığı yerlərdə, uşaqlığın orta xətti boyunca inkişaf edə bilər. Bunlara distrofik pozğunluqlar sahəsi deyilir. Bəzi amillərin təsirindən saya əzələlərdə hipoksiya (oksigen aclığı) inkişaf edir. Əsas da yuxarıda sadalanan sahələr ziyan çəkir. Hipoksiya əzələ hüeyrələrinin differensiasiyasını pozur, nəticədə onlar cinsi hormonların normal səviyyəində bölünüb çoxalmağa başlayır. Differensiasiya etməmiş əzələ liflərinin belə daimi çoxalması miomanın yaranmasına səbəb olur.
  • Böyümə faktorlarının və cinsi steroidlərin təsirindən normal əzələ hüceyrələrində mutasiya baş verir və əlverişli şəraitdə onlarda neoplastik transformasiya baş verir. Lakin qeyd etmək lazımdır ki, bu transfarmasiyaya səbəb olan molekulyar pozğunluqlar sona qədər araşdırılmayıb.
  • Saya əzələ lifləri embrional dövrdə uzun inkişaf keçir — 14 həftədən 30 həftəyədək. Bu zaman onlar az differensiasiya etdikləri üçün, müxtəlif xarici və ana ilə əlaqədar amillərin təsirindən çox asanlıqıda mutasiyaya uğrayır. Mutasiya etmiş hüceyrələr miometriumda yerləşir və ilk menstruasiyadan sonra estrogenlərin təsirindən inkişaf etməyə başlayır. Onların inkişafı bir neçə il davam edir. Bu nəzəriyyə müasir dövrdə daha inandırıcıdır.

Miomanın yaranmasına şəraityaradıcı amillər

  • Genetik — yaxın qohumlarında bu xəstəliyi olan qadınlarda miomanın əmələgəlmə ehtimalı daha çoxdur. Özü də şiş onlarda daha cavan yaşlarda başlayır və daha böyük ölçülərə çatır.
  • Menstruaiyanın erkən başlaması.
  • Uşaqların olmaması. Doğuşla başa çatan hamiləliklərin artması, uyğun olaraq xəstəlik riskini azaldır. Üç uşağı olan qadınlarda bu, 50-90%-ə çatır.
  • Az fiziki aktivlik fonunda artıq çəki. Uşaq və cavan yaşlarda olan piylənmə, cinsi yetkinlik yaşındakına nisbətən daha az təsir göstərir.
  • 35 yaşına qədər arterial hipertoniyanın olması və hipotenziv preparatların 5 il ərzində qəbulu.
  • Üzünmüddətli və xroniki psixoemosional gərginlik və stres vəziyyətləri.
  • Hamiləliyin tez-tez süni pozulması, uşaqlıq boşluğunun diaqnostik və müalicəvi qaşınmalar.

Miomanın kliniki əlamətləri

Qadınların yarısında xəstəlik heç bir əlamət olmadan inkişaf edir və təsadüfən ginekoloqun müayinəsində və ya USM zamanı aşkar olunur. Kliniki əlamətlər isə çox müxtəlifdir. Onlar əsasən bunlardı:

  • Qarnın aşağısında müxtəif xarakterli və intensivlikli ağrılar. Onlar göynədici və ya dartıcı (25-30%-də) ola bilər, bu da sinir kələfinin basılması və ya seroz qişanın (peritonun) dartılması ilə əlaqədardı. Şişin çox sürətli inkişafı zamanı ağrılar daha güclü və daimi olur. Ayaqcıq üzərində olan subseroz düyünün burulması və ya qandövranının kəskin pozulması zamanı nekrozun baş verməsi (düyünün ölməsi) kəskin sancışəkilli ağrı verir, hansı ki, zəiflik, qusma, temperaturun yüksəlməsilə müşayiət olunur. Menstruasiya vaxtı sancışəkilli ağrılar submukoz düyünlərdə müşahidə olunur.
  • İntramural və ya subseroz düyünlər üçün daha çox xarakter olan atsiklik qanaxmalar, submukoz düyünlər üçün uzunmüddətli və çoxqanlı aybaşı. Qanitirmə anemiya, başağrıları, tez yorulma və zəiflik, miokardda distrofik dəyişikliklər törədir.
  • Kiçik çanaq orqanlarının funksiyalarının pozulması, hansı ki, tez-tez sidik ifrazına çağırış və qəbizliklə özünü göstərir. Bu simptomlar ayaqcıq üzərində olan subseroz, boyun və bağarası düyünlərdə və həmçinin böyük həcmli şişlərdə olur.
  • Qasıqdan yuxarı nahiyədə bərk törəmənin əllənməsi.
  • Hamiləliyin pozulması, sonsuzluq — çoxdüyünlü mioması olan qadınların 30%-ində rast gəlinir.

Miomanın müalicəsi

Xəstəliyin geniş yayılmasına baxmayaraq, belə xəstələrin müalicəsinin aparılmasının dəqiq alqoritmi işlənməyib. Müalicə taktikası barədə müxtəlif fikirlər var, hansı ki, 3 istiqamətdə qruplaşdırmaq olar:

  • Gözləmə taktikası.
  • Konservativ müalicə.
  • Aktiv müalicə.

Gözləmə taktikası

Onu pasientlərin az qisminə tətbiq etmək olar. Onlara xəstəlik əlamətləri olmayan, şişin ölçüsü 10-12 həftəlik hamiləlik boyda olan, gələcəkdə hamiləlik planlaşdırmayan qadınlar aiddir. Bundan başqa, belə qadınlar daima həkim nəzarətində olmalı, USM-dən keçməli, endometriumun sitoloji müayinəsi və onkomarkerlərin səviyyəsinə nəzarət olunmalıdır.

Mioması olan qadınlar aşağıdakılardan özlərini qorumalıdır:

  • Uzun müddət günəşin altında qalmaq və ya solyariyaya getmək.
  • 3 kiloqramdan artıq yük qaldırma, ağır fiziki gərginlik, əsas da qarın presi.
  • Kiçik çanaq nahiyəsinə fizioterapevtik prosedurlar.
  • Qarnın masajı.
  • İstilik vannaları, hamam və saunalara getmək.
  • Qarın nahiyəsinə kosmetoloji prosedurların tətbiqi.
  • Trenajorda ağır məşqlər.
  • Abortlar və oral kontraseptiv vasitələrin özbaşına qəbulu.

Uşaqlıq miomasının konservativ müalicəsi

Konservativ taktika hormonal preparatların tətbiqinə əsaslanır, hansı ki, ən effektivləri qonadoliberinin analoqlarıdır. Onlar hipofizdə uyğun reseptorları müvəqqəti blokada edir və tədricən onun qonadotrop təsirini zəiflədir. Bunun nəticəsində estrogen və progestron sintezi azalır, şişin həcmi 55%-ə qədər azalır, qanaxma və ağrı kəsilir. Lakin bu preparatlar hətta qısa müalicə kursunda belə (3-4 ay) əlavə təsirlər verir ki, bunlara damar reaksiyaları, ürəkbulanma və sümüklərin mineral sıxlığının azalması aiddir.

FUS — MRT-ablyasiya

Daha bir konservativ metod — miomatoz düyünün maqnit-rezonans tomoqrafiyanın nəzarəti altında ultrasəslə fokuslaşdırılmış ablyasiyasıdır. O, ultrasəs dalğalarının bioloji toxumalardan zədələmədən keçməsinə əsaslanır. Şiş toxumasına fokuslanaraq, onların ayrı-ayrı hissələrini 55-90 о C-yə qədər qızdırır. Artıq 60 о C-də 1 saniyə ərzində suyun buxarlanması hesabına hüceyrələr məhv olur, damar şəbəkəsi zədələnir, kollagen zülalının strukturu pozulur.

Lakin bu üsul hələ qənaətbəxş hesab edilmir və əsasən mioma uşaqlığın dibində və ön səthində yerləşdikdə tətbiq olunur. Düyünün ölçüsü 2 cm-dən kiçik və 9 cm-dən böyük olduqda, ayaqcıq üzərində olan subseroz miomlarda, sonsuzluqda və s. əksgöstərişdir.

Aktiv taktika

Bunun iki istiqaməti ayırd edilir:

  • azinvaziv manipulyasiyalar;
  • cərrahi müalicə.

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE)

Azinvaziv manipulysiyalardan ən çox uşaqlıq arteriyalarının ikitərəfli embolizasiyası tətbiq edilir. Onun effektivliyi 98.5% təşkil edir, cərrahi miomektomiyadan fərqli olaraq, ondan sonra residivlər ola bilər (40%-ə qədər).

Cərrahi müalicə

Müasir dövrdə 80% qadınlarda mioma zamanı cərrahi əməliyyat əsas müalicə üsuludur. Cərrahi müalicənin iki növü var:

  • konservativ — yalnız düyünlərin çıxarılması (miomektoiya);
  • radikal — subtotal (uşaqlıq artımlarının və boynunun saxlanması ilə aparılan amputasiyası) və ya total histerektomiya (ekstirpasiya), yəni uşaqlığın boynu ilə birgə xaric olunması.

Laparoskopik üsulla konservativ miomektomiya daha məsləhətli hesab olunur və düyünün ölçüsü 7-8 cm-ə qədər olduqda aparılır. Amma son vaxtlar morsellyatorun köməyilə 17 cm-ə qədər ölçülü miomaları da laparoskopik üsulla çıxarırlar. Morsellyator elektromexaniki qurğu olub, miomatoz düyünü qarın boşluğunda xırdalayır.

Əməliyyata mütləq göstərişlər bunlardı:

  • Şişin ölçüsü USM-ə görə 14 həftəlik hamiləlikdən və ya 10 cm-dən böyük olduqda.
  • Reproduktiv yaşda tez böyümə və ya postmenopauzada istənilən böyümə olduqda.
  • Anemiya verən submukoz yerləşmiş mioma.
  • Uşaqlıq boynunda yerləşdikdə.
  • Ayaqcıq üzərində olan subseroz şiş.
  • Kiçik çanaq orqanlarına (sidik kisəsi, bağırsaq) mənfi təsir etdikdə.
  • Miomanın cərrahi əməliyyat tələb edən digər boşluqdaxili patologiyalarla birgə rast gəlməsi.
  • Düyünün çanaq ağrıları ilə müşayiət olunan nekrozu.
  • Əgər mioma sonsuzluğa səbəb olarsa.

Cərrahi müdaxilənin həcmi yanaşı xəstəlikərə, qadının yaşına və gələcəkdə hamiləliyin planlaşdırılmasına əsasən təyin olunur. Miomanın müalicəsində üstünlük orqansaxlayıcı, azinvaziv və konservativ üsullara verilir.

https://doctorramila.az/publikasiyalar/97-usaqliq-miomasi-qorxmaq-lazimdirmi.html