Son zamanlar əksər insanların ayaqlarında göy-yaşılımtıl şişkin damarlara rast gəlinir. Bu, varikoz düyünlərdir. Varikoz aşağı ətraf venalarının varikoz xəstəliyi damar qapaqlarının fəaliyyətinin zəifliyi və qan axınının pozulması nəticəsində yaranır.
«Varikoz» termini latın dilindən (varix) tərcümədə «şişkinlik» mənasını verir. Əslində bu xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Onunla hətta Hippokrat, İbn Sina, Qalen kimi həkimlər mübarizə aparmışlar. Statistik məlumatlara əsasən dünya qadınlarının 89%-i bu problemlə üzləşir.
Varikozun səbəbləri
Xəstəliyin etioloji amilləri müxtəlifdir. Onlara irsi meyllik, artıq çəki, hormonal pozğunluqlar, ayaqüstü iş və s. misal göstərmək olar. Qadınlarda damar genişlənməsi adətən hamiləlik dövründə meydana çıxır. Bu, böyüyən uşaqlığın çanaq venalarını sıxması və hormonal fonun dəyişməsi ilə bağlıdır. Həmçinin hündürdaban ayaqqabılar, dar geyimlər, qeyri-sağlam həyat tərzi varikoz probleminin meydana çıxmasına təkan verir. Ayaqüstü işlə yanaşı günün çox hissəsini masa (kompüter) arxasında keçirən insanlarda venaların genişlənmə riski yüksək olur. Çünki uzunmüddətli oturaq vəziyyət aşağı ətraflardakı qan dövranında durğunluq törədir. Venalarda qanın toplanması onların genişlənməsinə səbəb olur.
Varikozun əlamətləri
İlkin mərhələlərdə əlamətlər az sayda və qeyri-spesifik olur. Xəstələr adətən ayaqda ağırlıq, yanğı hissi, baldır əzələlərində gecə qıcolmalarından şikayətlənirlər. Sonrakı dövrlərdə patoloji vena boyunca ağrılar və aşağı ətraflarda şişkinlik meydana çıxır. Ayaqda şiş əsasən topuq və baldırda formalaşır. Bu narahatlıqlar günün sonunda, xüsusən də ilin isti aylarında daha qabarıq şəkil alır. Xəstəlik tədricən inkişaf edir. Başlanğıcda qadınları sadəcə estetik problemlər, yəni kapilyar torları və damar ulduzcuqları narahat edir. Vaxtında müalicə aparılmadıqda varikoz xroniki venoz çatışmazlıqla ağırlaşır. Belə hallarda şişkinlik və ağrı artır, dərinin rəngi göyərir, trofik yaralar əmələ gəlir.
Varikozun müalicəsi
Müasir dövrdə genişlənmiş damarları aradan qaldırmaq üçün açıq əməliyyatlara, o cümlədən narkoza ehtiyac yoxdur. Tibbin xeyli inkişaf etdiyi bir zamanda varikoz problemini həll etmək üçün Skleroterapiya və Lazer üsulu ilə əməliyyatlar geniş formada tətbiq olunur. Müalicəyə başlamaqdan əvvəl həkim Doppler müayinəsi aparır. Onun köməyilə damar həkimi həm səthi, həm də dərin venaların vəziyyətini, oradakı qan axınını, qapaqların fəaliyyətini dəyərləndirir. Müalicə planı müayinənin nəticələrinə əsasən tərtib olunur.
“İynə” prosedurları varikozun ilkin mərhələrində müstəqil şəkildə icra olunur. Varikozun gecikmiş mərhələlərində isə cərrahi müdaxiləyə ehtiyac yaranır. Hər 2 üsulun üstün cəhəti xəstənin dərhal gündəlik həyatına qayıtmasından ibarətdir. Yəni bu müalicə metodlarından sonra klinikada qalmağa və ya evdə yataq rejiminə ehtiyac olmur. Pasiyent varikoz corabı geyinərək, elə həmin gün xəstəxananı tərk edir, normal həyat tərzinə dönür.
Varikozun profilaktikası
Təbii ki, hər bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən dəfələrlə asandır. Mütəxəssislər damar genişlənməsinin yaranma ehtimalını azaltmaq üçün aşağıdakı qaydalara riayət etməyi məsləhət görürlər: