Vegetativ damar distoniyası (VDD) - vegetativ funksiyaların neyro-humoral tənzimlənməsinin pozulması ilə əlaqədar yaranır və müxtəlif mənşəli, lakin funksional xarakter daşıyan vegetativ pozğunluqlarla təzahür edir. Belə vegetativ pozğunluqlar əsasən nevrozlar, hipodinamiya, pubertat və klimakterik dövrdə müşahidə olunan endokrin dishormoniyası, sinir-psixi gərginliklə, infeksiya və intoksikasiyalarla bağlı nevrozabənzər hallarda təsadüf edilir. VDD-nin patogenezində vegetativ fəaliyyətin tənzimlənməsi-baş beyin qabığından vegetativ sinir sisteminin periferik şöbələrindən (adreno və xolinoreseptorlar daxil olmaqla) bütün səviyyələrdə pozulmuş olur. Eyni zamanda vegetativ fəaliyyətin tənzimlənməsinin endokrin mexanizmlərində də pozuntular qeyd olunur.
VDD təzahürləri və etiologiyasının müxtəlifliyinə baxmayaraq, patogenetik əhəmiyyəti daha çox olan beyin-qabıq və ya hipotalamik və s. səviyyədə pozğunluqlar olduğu seçilir.
Simptomları
Xəstələrin əksəriyyətində asteniya əlamətləri - zəiflik, əsəbilik, yuxu pozğunluqları, ağrı həssaslığının, qıcıq qapısının enməsi fonunda müxtəlif senestopatiyalar (nəfəsalmanın qənaətbəxş olmaması hissi, kardialgiyalar (ürək nahiyyəsində ağrı), bədənin müxtəlif sahələrində yanma hissi və s.) müşaidə olunur. Vegetativ sinir sisteminin hansı şöbəsinin simpatik və ya parasimpatik şöbələrinin üstünlüyü ilə təzahür etməsindən asılı olaraq VDD zamanı ən müxtəlif əlamətlər müşahidə edilə bilər: ürəkdöyünmə hissi, sinus bradikardiyası və ya taxikardiya; supraventrikulyar (nadir hallarda mədəcik) ekstrasistoliya; paroksizmal taxikardiya; patoloji damar reaksiyaları: istilik hissi və ya hiperemiya, ümumi və ya yerli (qoltuqaltı,ovuc) hiperhidrozu , mədə-bağrsaq sistemisekretor və ya mator funksiyalarının pozğunluğu, cinsi disfunksiya və s. Əksər hallarda hər hansı bir orqan və ya sistemlə bağlı əlamətlər daha aydın nəzərə çarpır; bu, VDD-nı yaradan patogenetik amildən və vegetativ funksiyaların tənzimlənməsinin pozulma səviyyəsindən asılıdır. Parasimpatik bölmənin üstünlüyü ilə gedən neyrovegetativ disbalans: bradikardiyaya meyllik, dəri örtüyünün hiperimiyası, mədə-bağırsaq traktının peristaltikasının aktivləşməsi, davamlı qırmızı dermoqrafizm simptomu, üfüqi vəziyyətdən şaquli vəziyyətə keçərkən arterial təzyiqin 10 mm.c.s-dan artıq enməsi, göz almalarına təzyiq olunarkən nəbzin 1 dəqiqədə 10 vurğudan artıq ləngiməsi də parasimpatik şöbənin üstünlüyü əlamətləri hesab olunur.
Simpatik şöbənin üstünlüyü ilə təzahür edən VDD-da bu refleksləri yoxlayarkən nəbzin dəqiqədə 12 vurğudan, arterial təzyiqin isə 15mm.c.s-dn artıq yüksəlməsi, davamlı ağ dermoqrafizm müşahidə olunur.
VDD-nin gedişatı əsasən dalğavari olur. Bir sıra hallarda VDD-sı özünü “vegetativ krizlər” şəklində göstərir; bu zaman yaranan klinik mənzərə vegetativ sinir sisteminin hansı şöbəsinin oyanmasından asılı olur.
Müalicəsi
VDD müstəqil nozololi vahid deyil, sindrom və ya sindromokompleks olduğundan və əksər hallarda hər hansı bir əsas xəstəlik (nevroz, patoloji klimaks və s.) fonunda inkişaf etdiyindən, müalicə ilk növbədə əsas xəstəliyə qarşı yönəlir. Eyni zamanda xolinolitiklər, adrenoblokatorlar, hipotenziv, antiaritmik preparatlar və s. təyin olunur.
VDD-nın bütün formalarında qida və istirahət rejiminin normallaşması, idman və bədənin möhkəmləndirilməsi vacib şərtlərdir.
Vegetativ krizlərin müalicəsi 10mq seduksenin parenteral yeridilməsi ilə başlanır. Adrenergik krizdə beta-adrenoblokatorlar, diastolik təzyiqin nəzərəçarpan qədər yüksəlməsində həmçinin alfa-adrenoblokatorlar (fentolamin, tropafen və s.) təyin olunur. Xolinergik kriz zamanı atropin, platifilinin yeridilməsi, arterial təzyiqin yüksəlməsi və tənəffüsün sürətlənməsi zamanı isə qanqlioblokatorların
dəri altına yeridilməsi müsbət effekt verir.
Son 10 il vegetativ damar distoniyasının müalicəsində ozonoterapiya və kvant lazer prosedurları uğurla tətbiq olunur. Bu metodlar dərman müalicəsindən fərqli olaraq orqanizm üçün ziyansız olması və daha uzun müddətli yaxşılaşma verməsi ilə seçilir.