Main

Xroniki Tonzillit

Xroniki tonzillit damaq badamcıqlarının xroniki iltihabıdır. Orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, soyuqlama, yerli immunitetin aşağı düşməsi, allergik fon və sairə damaq badamcıqlarında olan mikroorqanizmlərin fəallığını artırır, bu isə anginaların əmələ gəlməsinə səbəb olur. Bakterial infeksiyanın təsirindən badamcıqların təkrarlanan iltihabı, immunitetin tormozlanması xroniki tonzillt ilə nəticələnir. Xroniki tonzillitin inkişafına burun tənəffüsünün çətinləşməsi (adenoidlər, burun çəpərinin əyrilyi, aşağı burun balıqqulaqlarının böyüməsi, burun polipləri) səbəb ola bilər. Yaxında yerləşən infeksiya ocaqları – xroniki adenoidlər, sinusitlər, kariyesli dişlər bu xəstəliyin inkişafında böyük rol oynayır. Xroniki tonzillitin əsas simptomları

Subyektiv simptomlar; Boğazda ağrı hissi, ağızdan pis qoxu gəlməsi, dövri olaraq kazeoz tıxacların əmələ gəlməsi və ya irinin badamcıqlardan ifraz olunması, quru öskürək, ümumi zəiflik, tez yorulma, fiziki və əqli imkanların zəifləməsi, bəzən hərarətin uzun müddətli yüksəlməsi.
Obyektiv simptomlar; Anamnezdə anginaların olması, badamcıq lakunalarında irinli kazeoz tıxaclar, damaq badamcıqlarında limfa və qan dövranının pozulması ilə əlaqədar ödemin əmələ gəlməsi, hiperemiyalaşması, bəzən orqanizmin hərarətinin subfebril həddə həftələrlə və aylarla qalması, regional limfa vəzilərinin böyüməsi.
Xroniki tonzillitin iki forması var:

  • Kompensasiya olunmuş forma – xroniki iltihabın yalnız yerli əlamətləri müşahidə edilir; orqanizmin reaktivliyi, baryer funksiyaları o həddədir ki, yerli iltihabı kompensasiya edə bilir, buna görə də orqanizmin ümumi reaksiyası qeyd edilmir.
  • Dekompensasiya olunmuş forma – xroniki iltihabın yerli əlamətlərilə yanaşı, anginalar, paratonzillit, paratonzillyar abses və digər orqan və sistemlərin xəstəlikləri müşahidə edilir.

Xroniki tonzillitin bütün formaları orqanizmin infeksiyalaşmasına və allergiyalaşmasına səbəb ola bilər. Lakunalarda olan bakteriya və viruslar müəyyən şəraitdə (soyuqlama, orqanizmin müqavimətinin azalması və s.) yerli iltihabi proses, angina və hətta paratonzilyar abses əmələ gətirə bilər.

Xroniki tonzillitin orqanizm üçün təhlükəsi:

Tonzillitin ağırlaşmaları xəstəlik üzünmüddətli olduqda və lazımi müalicə aparılmadıqda baş verir. Badamçıqlar infeksiya ilə mübarizə apara bilmədikdə proses badamcıqətrafı toxumaya keçib paratonzilyar abses, aşağı tənəffüs yollarına keçdikdə faringit və bronxit əmələ gətirir.
Xroniki tonzillitin dekompensasiya formasında daxili orqanlarda aşağıda qeyd olunan əhəmiyyətli dəyişikliklər baş verə bilər:

  • Kollagen xəstəliklər (sistemli qırmızı qurdeşənəyi, revmatizm, sklerodermiya, hemorragik vaskulit, dermatomiozit, poliartrit);
  • tez-tez müşahidə edilən anginalar nəticəsində baş verən ürək xəstəlikləri (qazanılma ürək qüsurları, miokardit, endokarditlər);
  • mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, duodenit, kolit, mədə və onikibarmaq bağırsağın xorası);
  • dermatozların əmələ gəlməsinə meyllik. Müşahidələr göstərir ki, xroniki tonzillit psoriazın klinik gedişinin ağırlaşmasına səbəb olur;
  • ağciyər xəstəliklərinin kəskinləşməsi. Pulmonoloqların qənaətinə görə, damaq badamcıqlarında mövcud olan infeksiyanın aradan qaldırılması ağciyər xəstəliklərinin 2-3 dəfə azalmasına səbəb olur;
  • göz xəstəliklərinin yaranması. Belə ki, tonzillogen intoksikasiya gözün akkomodasiya aparatını zəiflədə bilər. Bu baxımdan görmə zəifliyinin profilaktikasında damaq badamcıqlarının sanasiyası böyük rol oynayır;
  • qaraciyər xəstəliklərinin əmələ gəlməsi;
  • neyro-endokrin dəyişikliklər;
  • piylənmə və ya arıqlama, iştahın pozulması, hipertrixoz, menstrual siklin pozulması, potensiyanın zəfiləməsi və s.;
  • mədəaltı vəzin funksiyasının zəifləməsi və şəkərli diabet xəstəliyinin yaranması ehtimalı;
  • qalxanvarı vəzin hiperfunksiyası;
  • böyrək xəstəliklərinin (pielonefrit, qlomerulonefrit, nefrito-nefroz) yaranması;
  • qızların reproduktiv sisteminə mənfi təsir.

Müalicəsi
Xroniki tonzillit zamanı regionar limfa düyünlərinin böyüməsi də müşahidə edilir. Xroniki tonzillitin konservativ müalicəsinin əsasını badamcıqlara yerli təsir və ümumi möhkəmləndirici terapiya təşkil edir. Yerli terapiya üçün bir neçə metoddan istifadə edilir:

  • Damaq badamcıqlarının müxtəlif antiseptik məhlullarla yuyulması
  • Ultrabənövşəyi şüalarla fizioterapevtik müalicə

Konservativ müalicə kömək etmədikdə tonzilloktamiya əməliyyatı məsləhət görülür. Tonzillektomiya əməliyyatına xəstənin hazırlanması ambulator şəraitdə aparılır. Tonzillektomiya əməliyyatı həm yerli həm ümumi anesteziya altında aparıla bilər. Ancaq qanaxma təhlükəsi və uşaqlara psixoloji travmanın təsirini nəzərə alaraq əməliyyatın ümumi anesteziya altında aparılması məqsədə uyğundur. Xəstələr əməliyyat gününün sonuna qədər müşahidə altında saxlanılır və heç bir problem olmadıqda evə yazılır.

https://www.facebook.com/fizioterapiyavereabilitasiya/photos/xroniki-tonzillit-kliniki-t%C9%99bab%C9%99tin-aktual-probleml%C9%99rind%C9%99n-biridir-damaq-badamc%C4%B1/2314699738605070/

https://rinobaku.az/xroniki-tonzillit