Main

Prostat adenoması

Prostat adenoması – prostatın sidik kisəsinə yaxın yerləşən kiçik vəzilərinin xoşxassəli hiperplaziyasıdır. Statistik məlumatlara əsasən 45 yaşdan yuxarı hər 4 kişidən biri bu xəstəliklə qarşılaşır. Adenoma tədricən inkişaf edir. İlk öncə vəzilərdə kiçik düyünlər əmələ gəlir. Zamanla həmin törəmələr böyüyür. Nəticədə vəz sidik kanalının mənfəzini tutur – sidik axınına maneə yaranır.

Prostat adenomasının səbəbləri

Son illərdə mütəxəssislər xəstəliyi adlandırmaq üçün prostat vəzin xoşxassəli hiperplaziyası terminindən istifadə edirlər. Xəstəliyin yaranma səbəbləri indiyə qədər tam aydınlaşdırılmamışdır. Bəzi araşdırmalar zəif cinsi aktivliyin risk faktorlarından biri olduğunu sübut etmişdir. Ancaq adenomaya aktiv intim həyatı olan kişilərdə də təsadüf edilir. Xəstəliyin risk faktorlarına aşağıdakılar aiddir:

  • Piylənmə;
  • Ateroskleroz;
  • Stress;
  • Yaş dəyişiklikləri;
  • Çirkli ekologiya.

Prostat adenomasının simptomları

Xəstəliyin təhlükəliliyi onun uzun müddət simptomsuz inkişaf etməsi və törəmənin ölçülərinin həddindən artıq böyüməsinin xəstə tərəfindən hiss edilməməsindən ibarətdir. Bəzi əlamətlər arabir təzahür edərək sonradan itir. Xəstəliyin ilk əlaməti böyümüş vəzin sidik axınını çətinləşdirməsi və diskomfort yaratmasıdır.

Zamanla vəziyyət daha da pisləşir, sidiyə getmə zamanı ağrı, enurez (sidiyi saxlaya bilməmə), cinsi zəiflik əlamətləri, zəiflik, ürəkbulanma, iştahın və çəkinin azalması müşahidə olunur.

Prostat adenomasının mərhələləri

Xəstəliyin 4 inkişaf mərhələsi ayırd edilir:

  • I mərhələ: Başlanğıc dövr zəif əlamətlərlə xarakterizə olunur. Sidik ifrazında pozğunluqlar meydana çıxır. Sidik axınının sürəti azalır. Sidiyə getmə çağırışları artır, nikturiya (gecə tez-tez sidiyə getmə) müşahidə olunur. Bu mərhələdə adətən xəstələr əlamətlərə fikir verməyib, həkimə getmirlər. Müalicə aparılmadıqda adenomanın inkişafı 2-ci mərhələyə keçir.
  • II mərhələ: sidik kisəsində qalıq miqdarı normadan çox olur. Xəstə daim sidik kisəsinin tam boşalmamasından şikayətlənir. Sidiyə getmə ciddi problemə çevrilir. Qalıq sidik kisəni genişləndirir və yavaş-yavaş atrofik dəyişikliklər yaradaraq, böyrək fəaliyyətində pozulmalara yol açır. Ağızda quruluq, qıcıqlanma bu mərhələnin xarakterik əlamətlərdəndir.
  • III mərhələ: artıq prostat adenoması əlamətlərini diqqətə almamaq mümkün deyildir. Pasiyentlərdə böyrək çatışmazlığı aşkarlanır. Bununla yanaşı sidik-ifrazat yollarının infeksion xəstəlikləri, böyrək daşı, enurez müşahidə oluna bilər. Sidik ifraz edərkən əzələləri gərginləşdirmək lazım gəlir. Bu üzdən ağrı çoxalır, sidikdə qan izlənilir. Tez-tez təkrarlanan yalançı sidik çağırışları normal həyat ritmini pozur.
  • IV (ağır) mərhələ. Prostat adenoması son mərhələdə xəstənin ümumi rifahına da təsir göstərir. Daim susuzluq, gücsüzlük, ürəkbulanma, qusma əlamətləri insanı haldan salır.

Xəstəlik həkim müdaxiləsi olmadan özbaşına sağalmır. Prostat adenoması ağırlaşdıqda hidronefroz (sidiyin böyrəkdə kəskin ləngiməsi), böyrək çatışmazlığı riski artır.

Prostat adenomasının müalicəsi

Xəstəlik müalicəyə tabedir. Xüsusilə erkən mərhələlərdə adenoma daha asan müalicə olunur. Medikamentoz terapiyada iltihabəleyhinə dərmanlar, antibiotiklər, qan dövranını yaxşılaşdıran vasitələr, immunostimulyatorlar təyin edilir.

Cərrahi müalicə radikal yolla aparılır və ağırlaşma hallarında tətbiq edilir. Bu tip əməliyyatlara adenoektomiya (adenomanın kəsilməsi), prostatektomiya (prostat vəzin tamamən xaric edilməsi) aiddir.

https://urologiya-andrologiya.az/androloji-xestelikler/prostat-adenomasi/